Gündəm, Siyasət, Ölkə
11 may 2023
213

Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır

Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır
Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.
Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Açığını deyim ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.
Azərbaycan xalqı bəşər tarixinə qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Belə nadir tarixi simalar sırasında böyük əzəməti, tükənməz qətiyyəti, dərin fəlsəfi-analitik təfəkkürü, ensiklopedik nəzəri və praktiki biliyi, fitri istedadı, dahi müdrikliyi və əyilməz, polad siyasi iradəsi ilə seçilən, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xüsusi yeri vardır.
İllər keçdikcə Azərbaycan xalqının bu ölməz oğlu, ümumbəşər tarixinin dahi şəxsiyyəti, onun siyasi və mənəvi örnəyə çevrilmiş ləyaqətli həyat yolu, tarixi əhəmiyyət kəsb edən böyük xidmətləri zamanın sınağından çıxmış strateji xətti daha aydın görünərək insanları, bütün bəşəriyyəti daim heyrətdə qoymaqda davam edir.
Danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Mübaligəsiz demək olar ki, ümummilli lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir.
Müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərin məngənəsinə düşən respublika son dərəcə çətin və mürəkkəb dövlət quruculuğu yolundan keçməli idi. Həmin illərdə mədəniyyətdə də qatma-qarışıqlıq və qeyri-müəyyənlik, müxtəlif mənfi meyillər baş alıb gedirdi. Bir tərəfdən, anarxiya kimi başa düşülən azadlıq, digər tərəfdən iqtidarda olan qeyri-peşəkar şəxslərin mədəniyyətə çox qəribə, hətta, son, dərəcə bəsit və sadəlövh yanaşması, məsələn, onlar tərəfindən Qərb mədəniyyəti, incəsənəti, dəyərləri və təhsilinin bizə, guya, tamamilə yad olması və lazımsızlığının bəyan edilməsi bu sahənin normal inkişafının qarşısını alır, çağdaş Azərbaycan mədəniyyətini ümumsivil məcradan təcrid edərək ona böyük zərbələr vurur, beləliklə də sağlam rəqabətə meylini azaldırdı. Ümumiyyətlə, demək olar ki, bu mərhələdə düşünülmüş mədəniyyət siyasəti yox dərəcəsində idi.
Nəhayət, böyük öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra vəziyyət köklü surətdə dəyişdi. O vaxtdan etibarən Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri müəyyənləşdirildi, dövlət həyatının bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin modernləşməsi və transformasiyası mərhələsi başlandı. Artıq bu gün yeni mədəniyyət siyasətinin təşəkkül tapması, onun məqsəd və prinsiplərinin dəqiqləşməsi, müasir tələblərə cavab verməsi ən vacib və təxirəsalınmaz problemlər sırasında diqqəti cəlb edir. Elmi cəhətdən əsaslandırılmış həmin siyasət nəticəsində mədəni inkişafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanılması, eyni zamanda açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və fəal şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək ölkəmizdə qəbul edilib. Həmin model Azərbaycanın tərəf müqabili qismində ümumdünya mədəni prosesdə iştirakına əsaslanır və respublikamızda optimal sosiomədəni dinamikanın dəstəklənməsinə imkan yaradır.
Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi fəaliyyət göstərir, Xalça Muzeyi inşa olunur, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarında güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.
Deyilənlərə yekun vuraraq, belə bir faktı təsdiq etmək olar ki, Azərbaycanın Heydər Əlirza oğlu Əliyev tərəfindən əsası qoyulmuş müasir mədəniyyət siyasətinin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli mədəni sərvətləri qoruyub saxlamaq, indinin müsbət nailiyyətlərini dəstəkləmək və inkişaf etdirməkdir. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, ölkənin dünya birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunması və qəbul edilməsinin getdikcə güclənməsi bu sahədə nikbin proqnozlar üçün əsas verir.
Beləliklə, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.

Əlisultan Sadıxov
Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi