Gündəm, Cəmiyyət, Ölkə
24 avqust 2023
415

Mehriban Əliyevanın vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası yeni mərhələyə qədəm qoyur

Mehriban Əliyevanın vətənə, dövlətə və xalqa layiqli  xidmət missiyası yeni mərhələyə qədəm qoyur
Cəmiyyətdə qadınların üzərinə düşən öhdəliklər hər zaman böyük olub. Tariximizin bütün dövrlərində cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilən, adı tarixə yazılan Azərbaycan qadınları olub. Onlar zəriflikləri, incəlikləri qədər də mübariz, əzmkar, dözümlü və yardımsevər olublar. Odur ki, üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. Müasir dövrdə də qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər xüsusi aktuallıq kəsb edir.
Mədəni irsin təbliğinə diqqət və qayğı
Azərbaycan qadınlarının ən yüksək keyfiyyətlərindən biri də müasirliklə yanaşı, həm də xalqına, kökünə bağlı olmalarıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz çoxşaxəli və məhsuldar fəaliyyətində hər zaman Azərbaycanın tarixi nailiyyətlərinə, zəngin mədəniyyətinə, elm və təhsil sahələrinə diqqət və qayğı ilə yanaşır. Hələ 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib.
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin təcəssümü və inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərlərindən olan, dünya siyahısına daxil edilən muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində onun təşəbbüsü ilə təqdirəlayiq işlər həyata keçirilib.
Bundan başqa, Azərbaycan muğam sənətinin qorunub saxlanılması, təbliği məqsədilə nəzərdə tutulan "Muğam-irs", "Muğam dəstgah", "Muğam-Antologiya" layihələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüs və xidmətlərinin nəticəsidir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 120 illiyi münasibətilə təşkil edilən televiziya muğam müsabiqəsi görülən dəyərli işlərin davamı kimi böyük maraq doğurub.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 18-25 mart 2009-cu ildə Bakıda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı keçirilib. Qeyd edək ki, festival mərasimləri xalqımızın milli və tarixi adət-ənənələrini yaşadan Novruz bayramı ərəfəsində təşkil olunub. Əsas məqsədi müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiqincə yer tutması olan Muğam festivalının keçirilməsi ənənəvi hal alıb. Tədbirdə yalnız Azərbaycanın deyil, dünyanın tanınmış sənətkarları da iştirak ediblər.
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı uğurlu, yaddaqalan və davamlı olub. Muğam sənətimizin təbliği və inkişafı nəzərdə tutularaq keçirilən növbəti festivallarda da dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak ediblər. Həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində festivallar çərçivəsində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil edilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri keçirilib.
Azərbaycan xalqına xas, eyni zamanda bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığını qeyd edən Mehriban Əliyeva diqqətə çatdırıb ki, hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır: "Qərblə Şərqin arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır". O, muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz oluna bilmədiyini vurğulayıb. Muğamın Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısı olduğunu diqqətə çatdırıb: "Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, muğam gözəlliyin və məhəbbətin rəmzidir desəm, səhv etmərəm".
Mehriban Əliyeva diqqətə çatdırıb ki, muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Azərbaycanlı olmağın qüruru
Tarixə hörmətin, ehtiramın bir yolu da bu günə qayğı ilə yanaşmaqdır. Çünki hər keçən gün tarixə çevrilir. Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə hətta respublikamızın ən ucqar yerlərində belə məktəb binaları, səhiyyə və tibb məntəqələri inşa və bərpa edilir.
Mehriban Əliyeva gələcəyimiz olan körpələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməkdaşları mütəmadi olaraq kimsəsizlər və körpələr evlərinə baş çəkir. Müstəqil Azərbaycanda körpələrin, uşaqların sağlam və savadlı böyüyüb tərbiyə olunması üçün mühüm işlər görülür.
Müasir dövrümüzün tarix səhifəsinə xeyirxahlıq, nəcib əməllər sahibi kimi imza atan Mehriban xanım Əliyeva bəşəriyyətin Azərbaycan xalqına misilsiz və əvəzolunmaz bir hədiyyəsidir. Böyük Nəsimidən kökdən, soydan qaynaqlanan mərhəmətlik missiyası Mehriban xanım Əliyevanın şərəfli ömür yolunun həyat amalının ali göstəricisidir. Azərbaycanda, eləcədə dünyada yüksək ehtiram sahibi olan ölkəmizin Birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı səhifəsinə öz dəsti xəətti ilə daxil olaraq görkəmli şəxsiyyətlər səhifəsindədir. Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!
Biz Azərbaycan xalqı Sizinlə fəxr edirik!
Mehriban Əliyevanın vətənə, dövlətə və xalqa layiqli  xidmət missiyası yeni mərhələyə qədəm qoyur
İlqar Məmmədov
Polis polkovniki
Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi