Gündəm, Cəmiyyət, Ölkə
19 mart 2024
214

Bərxudar Bərxudarov: - NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Bərxudar Bərxudarov: - NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Novruz xalqımızın zəngin ənənələrə malik ən qədim bayramıdır. Ölkəmizdə hər il təntənə ilə keçirilən bu bayram bir çox Şərq xalqları tərəfindən də geniş qeyd olunur.
Azərbaycanda Novruz bayramı "Bahar bayramı" kimi də tanınır. Təbii ki, xalq tərəfindən coşğun məhəbbətlə sevilən, yüksək əhval-ruhiyyə ilə qarşılanan bu qədim bayramın tarixi barədə müxtəlif araşdırmalar, yozmlar mövcuddur. Lakin bəzi hallarda onun dinlə, ayrı-ayrı şəxslərin adları ilə, rəvayətlərlə əlaqələndirilməsinə də cəhdlər göstərilir. Tanınmış ziyalı, təcrübəli mütəxəssis Tahir Bünyadov bununla bağlı fikirlərini bölüşərkən belə yanaşmanın tam əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Novruz bayramı min illər öncə yaranıb, yazın gəlişi, təbiətin oyanması, əkinçilik işlərinə başlanılması ilə əlaqədar meydana çıxıb. XI əsrin görkəmli alimi Əbu Reyhan Biruninin dediyi kimi, Novruz baharla, təbiətin oyanması ilə bağlı dünyəvi bir bayramdır.
Bayram günlərində evlərin və həyətlərin təmizlənməsini, ev əşyalarının, geyimlərin təzələnməsini, xəstələrə, yaşlı adamlara, yaxınlara baş çəkilməsini, imkansız ailələrə sovqatlar aparılmasını, küsülülərin barışmasını Novruzun bu gün də davam etdirilən ən gözəl adətlərindən olduğunu dilə gətirib. O qeyd edib ki, Novruz adət-ənənələri, mərasimləri bizə ulu babalarımızdan miras qalıb. Bütün təzyiqlərə, qadağalara baxmayaraq, onlar bu adət-ənənələri torpaq kimi, Ana dili kimi qoruyub, saxlayıb, bugünkü nəsillərə çatdırıblar. Biz də misli-bərabəri olmayan həmin adət-ənənələri qoruyub, gələcək nəsillərə çatdırmağa borcluyuq. Müstəqillik dönəmində Novruzun xalqımıza qaytarıldığını, milli bayram kimi, hər il yüksək səviyyədə bayram edildiyini vurğulayan T.Bünyadov onun bəzi adətlərinin unudulmasından təəssüfləndiyini də gizlətməyib.
Əvvəllər bayram vaxtı el arasında geniş təşkil olunan Qodu gəzdirilməsi, aşıq dəstəsinin saz havalarını ifa etməsi, əyləncəli oyunlar, sanamalar, "Qulaq falı", "Torbaatdı" və sair kimi Novruz adətləri, bir növ, unudulmaq üzrədir. Bu gün bəzi ailələrdə "evdə hər şey var" bəhanəsi ilə uşaqların "torba sallamaq" üçün bayıra buraxılmamaları isə ancaq təəccüb doğurur. Novruz bayramı ilə əlaqədar keçmiş adətlərin bərpa olunmasının, ayrı-ayrı bölgələrdə olan xarakterik adətlərin seçilərək yayılmasının vacibdir.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Bu bayram şənliklərində kütləvi gəzintilər, xalq rəqsləri, idman yarışları, el nəğmələrinin ifa edilməsi, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn mərasimi belə növbəti günlərə keçirilirdı. Bayram o qədər şad və şux olurdu ki, insanlar vəcdə gələrək, təmtəraqlı təntənələrlə yanaşı, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərir, qohum—əqrəbaya baş çəkir, rəhmətə gedənlərin məzarları ziyarət olunur, bir-birinə qarşılıqlı inam və xüsusi rəğbət ifadə edilərək ümumbəşəri dəyərlərə üstünlük verirdilər.
Novruzun əkinçilik təqvimi ilə də bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl libasına bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının birinci gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni gün) adlandırıblar.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq beş ildir ki, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, xoşməramlı səfir Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabr ayında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə hər il martın 21-ni Beynəlxalq Novruz Günü kimi qeyd etmək haqqında qərar çıxarmışdır.
Müstəqil Demokratik Azərbaycan Respublikasının banisi Ümummilli Liderimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin şah əsəri sayılan Yeni Azərbaycan Respublikasının Prezidenti, iki əsrin sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev dünya liderləri içərisində diplomatik və siyasi fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük ədalət savaşından üzü ağ çıxaraq Qarabağımızı işğaldan azad edərək şanlı Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Şəhidlərimiz 30 il həsrətdə qalan torpaqlarımızı öz qanları ilə suvararaq vətən-torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldılar. Qəsri-Qala Şuşada yanan “Qələbə Tonqalı” şəhidlərimizin, qazilərimizin və döyüşçülərimizin vətənə olan sevgisinin əvəzolunmaz məşəli idi.
“Novruz” bayramınız mübarək.
Bərxudar Bərxudarov: - NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Bərxudar Bərxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru