Gündəm, Siyasət, Cəmiyyət, Ölkə
16 fevral 2022
1126

Rabitə və informasiya texnologiyaları sektoru dinamik inkişaf yolunda

Rabitə və informasiya texnologiyaları sektoru dinamik inkişaf yolunda
Keçən il Azərbaycanda bütün sahələr kimi, rabitə sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır.
Dünyada gedən proseslər göstərir ki, ölkədə demokratikləşmə, insan hüquqlarının qorunması, vətəndaşların sosial müdafiəsi, sürətlə qloballaşan dünyaya inteqrasiya, müasir iqtisadiyyatın əsasını təşkil edən texnoloji yeniliklərin tətbiqi, habelə beynəlxalq münasibətlər sahəsində uğurlar hərtərəfli inkişafın əsas amillərindəndir. Qabaqcıl ölkələrin təcrübəsi sübut etmişdir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) son illərdə sürətlə inkişaf edərək, bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank sahələrində tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu baxımdan, yeni texnologiyalar üzrə dövlət siyasəti cəmiyyətin ictimai və siyasi təfəkkürünü qabaqlamalı, yaxın onilliklər üçün bu istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirməlidir. Azərbaycan Respublikasında da İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır.
Azərbaycanın inkişaf tarixinin son illərinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini və nəticələrini görərik. Bu siyasətin tərkib hissəsi kimi, Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin respublikanın sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev artıq ötən əsrin 70-ci illərində bu sahəyə diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirildi, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, istehsalat müəssisələri tikildi. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və s. kimi elmi-tədqiqat müəssisələri yaradıldı, “AZON”, “NORD” elm-istehsalat birlikləri, radio, elektron hesablama maşınları zavodları, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Diqqətəlayiq haldır ki, ümumən 30-dan artıq belə müəssisə təkcə Bakıda deyil, həmçinin Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, indiki Tərtər və Şirvanda da işə salınmışdır.
Müstəqilliyin ilk illərində ölkənin düçar olduğu gərgin vəziyyətdə xalqın təkidi və etimadı ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev, hətta bu şəraitdə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirməyə imkan tapır və bu sahədə inkişafa nail olmaq üçün daim səylər göstərirdi. 1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışını etdi. Onun bu diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu. 1994-cü ildə «Bakcell» və 1996-cı ildə «Azercell» birgə müəssisələri yaradıldı və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. 1996-cı ildə isə “AzEvroTel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başladı. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. Bütün bunlar Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində rabitənin inkişafına göstərdiyi diqqətin əyani nümunələridir.
Bu gün Azərbaycan Respublikasında İKT sahəsindəki fəaliyyət ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu. Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi.
2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. Son 18 ildə iqtisadiyyatımızın davamlı və dayanıqlı inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, yeni iş yerlərinin açılması, əmək haqlarının və pensiyaların bir neçə dəfə artırılması, ünvanlı sosial yardımların tətbiqi, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni müasirtipli məktəblərin tikilməsi, beynəlxalq qurumlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması və digər bu kimi nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatların uğurlarındandır.
Bu islahatlar sırasında və sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından diqqətəlayiq oldu. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə cənab Prezident ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi. Bu, regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinə başlandığını bəyan edən, yaxın on il üçün Milli Strategiyada müəyyənləşdirilmiş strateji xəttin icrasının həyata keçirilməsinə yönələn İlham Əliyev siyasətinin ilk təzahürü oldu.
Beləliklə, bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Mövcud potensialdan səmərəli istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş mühitin formalaşdırılması İKT sektorunda aparılan fəaliyyətin ana xəttini təşkil etdi.
Bu istiqamətdə ilk növbədə sahə üzrə normativ-hüquqi bazanın yaradılmasına diqqət yetirildi. “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haqqında”, “Poçt rabitəsi haqqında” və bu kimi digər mühüm qanunlar və “Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı” qəbul edildi. Bu normativ aktlar və sənədlər rabitə və informasiya texnologiyaları sahəsi üzrə qanunvericilik bazasını təkmilləşdirərək, sahənin inkişafı üçün yeni imkanların yaradılmasını və İKT-dən hərtərəfli istifadənin səmərəliliyinin artırılmasını təmin edir.
Respublikanın rayon və kəndlərində əhalinin rabitə və informasiya xidmətlərinə olan tələbatını ödəmək, paytaxtla regionlar arasında mövcud olan fərqi aradan qaldırmaq məqsədilə İnternet xidmətinin təşkili nəticəsində respublikanın 34 rayon mərkəzində İnternetə yüksəksürətli qoşulma, digər rayonlarda və telefonlaşdırılmış kəndlərdə isə parolsuz qoşulma xidmətindən və kartla qoşulma üsulundan istifadə etməklə İnternetə çıxış imkanı yaradılmışdır.
Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsa da, aparılan dövlət siyasəti və iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru da inkişaf etdirilməkdədir. Ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də bu sahəyə Prezident İlham Əliyevin diqqət göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana böyük marağına səbəb olur.
Elm və təhsil xalqımızın tarixi irsini səciyyələndirən xüsusiyyətlərdən olduğundan, həmçinin, inkişaf üçün intellektual, texnoloji, ən əsası isə səriştəli kadr potensialı yaratdığından, bu sahələr həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Elm və təhsil işçilərinə və ümumiyyətlə, ziyalılara göstərilən xüsusi dövlət qayğısı ümummilli liderimiz Heydər Əliyev tərəfindən həssaslıq və qayğıkeşliklə həyata keçirilmiş və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük hörmət və ehtiramla davam etdirilir. Təhsil müəssisələrinin maddi-texniki və tədris-metodiki bazasının möhkəmləndirilməsi, tədris müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, yeni ixtisasların açılması və tədris binalarının tikilməsi istiqamətində böyük nailiyyətlər qazanılmışdır.
Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir. Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam həllini tapacaq və Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaqdır.

Nazim Əliyev
1 saylı rabitə xidmətləri mərkəzinin rəhbəri



Geri 1 2 3 4 5 6 7 8 9 İrəli