Gündəm, Cəmiyyət, Ölkə
07 mart 2024
347
Milli adət və ənənə - Novruz bayramı
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir
Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.
Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirəm. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
Milli adət və ənənə
Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan bayramlarındandır. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz ritualları, adət-ənənələri mövcuddur. Əyləncələrlə, oyunlarla zəngin olan hər gün yaradıcılığın bütün janrlarını əhatə edir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair Nazimilmülkün "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin "İskəndərnamə" poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.
Yazılı ədəbiyyata əsaslanaraq, demək olar ki, Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. "Yeni gün" anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki islam ümumbəşəri din olduğu üçün həqiqətdə islami dəyərlər olan bəşəri dəyərləri hər zaman ön cərgədə təqdim edib. Bu önəmli və vurğulanmalı məsələdir ki, Allah-Taala insanı pis və yaxşıdan seçmək kimi daxili bir qüvvə ilə zənginləşdirmişdir. Zövqü saf olan, dünya görüşü geniş olan hər bir kəs Allahın buyurduğu kimi yaxşını pisdən ayırmağı bacarmalıdır. Dini ayinlər sırasında məhz Novruz bayramına aid olan ilin təhvil verilməsinə xas duaların verilməsi, namazlarda yer alan ayinlərdəndir. Bununla belə Novruz bayramında bəzi oyunlar, xüsusilə də, odun yandırılması və ondan dilək diləmək təbii ki, yolverilməz sayılır. Çünki dinimizdə "yalnız Sənə bəndəçilik edirik və Yalnız səndən kömək diləyirik" ayəsi mövcuddur. Eyni zamanda, Novruz bayramında qumar oynamaq kimi dəyərləndirilən yumurta və xoruz döyüşü kimi ənənələr də yolverilməzdir. Daha doğrusu, bu haram hesab olunur. Qulaq falına çıxmaq islam əxlaqına görə, icazəsiz başqasının söhbətlərinə qulaq asmaq kimi dəyərləndirildiyindən səhv hesab olunur. Təbii ki, bu fikirləri qeyd etməklə heç də bizim amalımız və amacımız milli adət-ənənəni dəyişmək deyil. Sadəcə diqqətli olmalıyıq ki, hər şeydən əziz və üstün olan dini normalara, milli dəyərlərə, islam əxlaqına biganə qalmayaq. Çalışmalıyıq ki, dini adət-ənənələrimizi lazımınca qoruyub-saxlamaqla onu inkişaf etdirək.
Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gü-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.
Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su - yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, Günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, təzəcə ilə xoş arzular, ailə səadəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Su və odla bağlı çərşənbələrdə də maraqlı ənənələr mövcuddur. Azərbaycan odla bağlı ölkə olaraq bu zəngin ənənəyə malik olması heç də təsadüf sayıla bilməz. Od saflaşma və təmizləmə deməkdir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üzərindən tullanmaqla ötən ilin günahlarını yumuş olurlar. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır. Hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içdisə onlar təzə ildə bütün xəstəliklərdən uzaq olurlar. Novruzun ən üksək zirvəsi köhnə ilin öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ 19-cu əsirdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi". Azərbaycan Novruz bayramı təntənəsinin Şamaxıda iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazmışdır: "Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və Günəş saatı vasitəsilə Günəşin hündürlüyünü təyin edərək gündüz və gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlarından musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".
Son olaraq isə xalqımıza bahar təravətli günlər, xoşbəxtlik və firavan həyat arzulamaqla, böyük coşqu və təntənə ilə bu bölgədə qeyd olunmasını diləyirik.
Anar Rzayev
"Ovqat” şirkətinin rəhbəri
Daha çox xəbər:
Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən var ...
Gündəm, Cəmiyyət, ÖlkəXaçmaz RPŞ-nin rəisi Həmid Həsənov xalqımızı Novruz bayramı münasibəti ilə ...
Gündəm, Cəmiyyət, Ölkə, SosialSiyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov Novruz bayramı münasibəti ilə təbriki
Gündəm, Cəmiyyət, Ölkə, SosialNOVRUZ BAYRAMI BİRLİK BAYRAMIDIR
Gündəm, Cəmiyyət, Ölkə, SosialRafael Mehrəliyev: Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edi ...
Cəmiyyət