Gündəm, Siyasət, Ölkə
16 may 2023
295
Dövlət müstəqilliyi uğrunda mübariz insan
Heydər Əliyev vətən elminin hamisi, alimlərin böyük dostu idi. Ulu öndər ziyalıların fövqündə dayanan ziyalı idi.
Bəli, Heydər Əliyev bəşəriyyət üçün adi vətəndaş olmayıb. O, əqli, zəkası, idrakı ilə seçilən görkəmli dövlət xadimi kimi məşhur şəxsiyyətlərin önündə gedib. Onun hünəri ilə müstəqil Azərbaycan Respublikası formalaşıb, Azərbaycan adlı məmləkət xilas edilib.
Azərbaycan dili Azərbaycan xalqına qaytarılıb. Ölkədə hüquqi, demokratik, dünyəvi dövlət qurulub.
Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, televiziya verlişləri hazırlanıb, oçerklər nəşr edilib: burada onun ancaq üzdə görünən xarakter cizgilərini təsvir etmək mümkün olub.
Onun fenomen keyfiyyətlərinin üzdə görünməyən cəhətlərini təhlil etmək heç kimə müyəssər olmayıb.
Beynəlxalq jurnalistlərin onu dünyanın 8-ci möcüzəsi hesab etmələri də təsadüfi xarakter daşımayıb. Onun hər çıxışında, müsahibəsində, məruzəsində, söhbətində söylədiyi fikirlər bizim üçün əxlaq dərsliyinə çevrilib, müqəddəs kəlam, məktəb olub. Ulu öndər sözün əsl mənasında xalq müəllimi idi. O, fenomen yaddaşa malik bir şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi dünyasını zənginləşdirmiş Heydər Əliyev möhkəm əqidəsi, dərin zəkası ilə tariximizdə parlaq səhifələr yazmışdır. Ulu öndər doğma yurdun sabahı naminə zamanın sınaqlarına fədakarlıqla sinə gərərək Vətənin işıqlı gələcəyini təmin etmişdir. Heydər Əliyevin dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir.
Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə-neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir.
Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri zaman özü yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq. Ulu öndər gənclərin təhsilinə, işlə təmin edilməsinə, hərtərəfli inkişafına, onların dünyagörüşünün genişlənməsinə, beynəlxalq əlaqələrin artmasına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi.
O, "Gənclər bizim gələcəyimizdir" dedikdə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. Həmçinin Heydər Əliyev kosmopolit ideyaların zehinlərinə zorla yerləşdirildiyi bir dövrdə milli məfkurənin qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir.
Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə - dünyasını dəyişdi - deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu.
Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Heydər Əliyev bütün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də böyük ürək sahibi idi. Hətta ona qarşı dönük çıxmış, xəyanət etmiş insanları da bağışlamağı bacarırdı. Bu insan üçün vətən, millət, xalq daha önəmli idi, nəinki şəxsi ambisiyalar. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri kimi çıxışında da bu barədə belə demişdir: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq vaxtıdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam”.
Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda gərgin mübarizə və s. ilə öz tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.
Heydər Əliyev həm də ədalətli bir dövlət başçısı idi. Məhz özü ədalətli adam olduğu üçün hadisələrə də bu konteksdən yanaşmağı bacarır, dünya ictimaiyyətini, beynəlxalq qurumları və s. ölkəmizin mübtəla olduğu münaqişənin həllində ədalətli olmağa çağırırdı. O, sərt olmağı bacarırdı, insanları səhvlərinə görə cəzalandırırdı, ancaq heç vaxt ədalətsiz qərar qəbul etmirdi. Onun cəzası vicdan və ədalət kateqoriyalarının həmişə, hər yerdə və hər bir şəraitdə prinsipial qələbəsini təmin etmək kimi nəcib və sosial-mənəvi missiyaya hesablanmışdı. Bütün bunlar Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə də açıq-aşkar hiss edilirdi. Ulu öndərin öz sözləri ilə desək: “Dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox”.
Ulu öndər Heydər Əliyev zaman-zaman qəbul etdiyi tarixi qərarları ilə , sözün əsl mənasında, yeniləşməkdə olan müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi. 1994-cü il sentyabrın 20-də ölkənin tarixində son dərəcə taleyüklü bir hadisə baş verdi. Azərbaycan dövlətinin və xalqının firavan və xoşbəxt həyatının zəmanətinə çevrilmiş, sürətli inkişafa və tərəqqiyə, müstəqilliyin dönməzliyinə və təhlükəsizliyinə təminat verən, neft müqaviləsi — “Əsrin muqaviləsi” imzalandı.
Məhz bu dövrdən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev çox düzgün olaraq elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi.
Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.
Heydər Əliyev üçün azərbaycançılığın başlanğıc məqamı, təməl prinsipi olmuşdur. Müdrik rəhbər yaxşı başa düşürdü ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini sevdirmək lazımdır. Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin dövlətçilik irsinə daim müraciət ediləcək. Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır.
Xurşudov Şahin Nadir oğlu
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
Daha çox xəbər:
Canlı əfsanəyə çevrilən fenomen şəxsiyyət
Gündəm, Cəmiyyət, ÖlkəBütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağl ...
Gündəm, Cəmiyyət, ÖlkəHeydər Əliyev – dahi şəxsiyyət və tarix yazmış fenomen
Gündəm, Siyasət, CəmiyyətUlu öndər Heydər Əliyev və Azərbaycan Təhsili
Gündəm, Cəmiyyət, ÖlkəUğurlu siyasət strategiyasının müəllifi
Gündəm, Siyasət, Dünya, Cəmiyyət